Dekabrın 6-da futbol üzrə İngiltərə Premyer Liqasının 11-ci turunun mərkəzi qarşılaşması keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, London derbisində “Arsenal” klubu səfərdə “Tottenhem” komandasının qonağı olub.
Görüş meydan sahiblərinin 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb. “Tottenhem”in heyətində Son Xın-Min və Harri Keyn fərqlənib.
Bu qələbə sayəsində “Tottenhem” xal ehtiyatını 24-ə çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. “Arsenal” isə 13 xalla 15-ci yerdə qərarlaşıb.
Ötən gün Premyer Liqanın iddialı klubları - “Mançester Siti” və “Mançester Yunayted” komandaları növbəti oyunlarını keçirib.
“Mançester Siti” klubu “Etihad” stadionunda “Fulhem” komandasını qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“Şəhərlilər”in heyətində Sterlinq və Kevin De Brüyne fərqlənib.
Bu qələbədən sonra xal ehtiyatını 18-ə çatdıran “Mançester Siti” turnir cədvəlində 5-ci yerə yüksəlib. “Fulhem” isə 7 xalla 17-ci yerdə qərarlaşıb.
Bu şəhərin digər təmsilçisi “Mançester Yunayted” isə səfərdə “Vest Ham Yunayted” komandasının qonağı olub. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun açılış gününün digər görüşündə “Börnli” klubu “Everton” komandasını qəbul edib. Həmin oyunda qalib müəyyənləşməyib - 1:1.
Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Çelsi” - “Lids” - 3:1;
“Vest Bronviç” - “Kristal Palas” - 1:5;
“Şeffild Yunayted” - “Lester Siti” - 1:2.