2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsində "A" qrupunda mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimi açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi AFFA-nın saytına istinadla xəbər verir ki, millimiz ilk oyununu səfərdə martın 24-də Portuqaliya yığmasına qarşı keçirəcək. Üç gün sonra futbolçularımız Qətər komandasının qonağı olacaqlar. Martın 30-da Azərbaycan – Serbiya, sentyabrın 1-də Lüksemburq – Azərbaycan, üç gün sonra İrlandiya – Azərbaycan, ayın 7-də Azərbaycan – Portuqaliya matçları təşkil olunacaq. Millimiz oktyabrın 9-da İrlandiya seçməsini qəbul edəcək. Üç gün sonra Serbiya millisinin qonağı olacaq baş məşqçi Canni De Byazinin yetirmələri noyabrın 11-də Lüksemburq, 14-də isə Qətər ilə yerli azarkeşlər qarşısında mübarizə aparacaqlar.
Qeyd edək ki, UEFA son Asiya çempionu Qətər millisini 2022-ci ildə keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə dəvət edib. Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək.