Növbəti – 45-ci Ümumdünya Şahmat Olimpiadası 2022-ci ildə Rusiyada keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FIDE) məlumat yayıb. Məlumatda qeyd edilib ki, 2021-ci ilə planlaşdırılan analoji yarış isə ləğv olunub.
Qeyd edək ki, əvvəlcə Rusiyanın 2020-ci ildə, Belarusun isə 2022-ci ildə turnirə ev sahibliyi etməsi planlaşdırılırdı. Daha sonra Rusiyada keçiriləcək turnir koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış, Belarus isə bu yarışa ev sahibliyindən imtina etmişdi.
Ümumdünya Şahmat Olimpiadası FIDE-yə üzv ölkələrin milli komandalarının iştirakı ilə keçirilən komanda turniridir. Yarış ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Bakı 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu Olimpiada isə Gürcüstanda keçirilib.