Dekabrın 13-də futbol üzrə İngiltərə Premyer Liqasının 12-ci turunun növbəti görüşləri keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Sellxerst Park” stadionunda “Kristal Palas” klubu Premyer Liqanın lideri “Tottenhem” komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 1:1. Oyunda hesabı 23-cü dəqiqədə qonaqlar açsalar da, qarşılaşmanın başa çatmasına 9 dəqiqə qalmış meydan sahibləri tarazlığı bərpa ediblər.
Bu nəticədən sonra xal ehtiyatını 25-ə çatdıran “Tottenhem” liderliyini davam etdirir. “Kristal Palas” isə 17 xalla 11-ci yerdə qərarlaşıb. Növbəti turda “Kristal Palas” səfərdə “Vest Ham Yunayted”in, “Tottenhem” isə “Liverpul”un qonağı olacaq.
Turun bu gün oynanılan digər görüşlərində “Everton” doğma meydanda “Çelsi”ni (1:0), "Southamton” isə “Şeffild Yunayted”i (3:0) məğlubiyyətə uğradıb.
Premyer Liqanın 12-ci turuna “Fulham”-“Liverpul”, “Arsenal”-“Börnli” və “Lester Siti”-“Brayton və Hove Albion” görüşləri ilə yekun vurulacaq.
Xatırladaq ki, turun ötən gün keçirilmiş görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:
“Lids Yunayted” - "Vest Ham Yunayted" - 1:2;
"Volverhemton" - “Aston Villa" - 0:1;
“Nyukasl Yunayted” - “Vest Bromviç” - 2:1;
“Mançester Yunayted” – “Mançester Siti” – 0:0.