Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2022-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının keçirilməsinə Afrikadakı namizəd ölkələrin adlarını açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, Botsvana, Nigeriya, Seneqal və Tunis Gənclərin Dördüncü Yay Olimpiya Oyunlarını qəbul etmək niyyətlərini təsdiqləyiblər.
BOK-un qiymətləndirmə komissiyası iyun ayında bu ölkələrin milli olimpiya komitələri ilə görüşlər keçirib. Ekspertlər hər bir namizəd ölkənin idman infrastrukturu, iri yarışlar keçirmək təcrübəsi, gənclər və idman siyasəti ilə tanış olublar.
2018-ci ilin sentyabrında qiymətləndirmə komissiyası Afrika ölkələrində Yeniyetmələrin Olimpiya Oyunlarının keçirilməsinin dəqiqləşdirilmiş texniki-iqtisadi əsaslandırmasını təqdim edəcək. 2022-ci il Olimpiadasının ev sahibi bu ilin oktyabrında BOK-un Buenos-Ayres sessiyasında seçiləcək.
Qeyd edək ki, Yeniyetmələrin 2018-ci il Yay Olimpiya Oyunları oktyabrın 6-18-də Buenos-Ayresdə keçiriləcək.