“Biz birlikdə güclüyük!” şüarı altında Azərbaycan Gənclərinin IX Forumu keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Vətən müharibəsinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayan onlayn forumda Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev forum iştirakçılarını salamlayıb, IX Forumun Qələbə ilində keçirilməsindən məmnunluğunu bildirib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Forumda çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, bu gün dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir, gənclər muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edirlər. Muxtar respublikamızda gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği də diqqət mərkəzindədir. Hazırda muxtar respublika əhalisinin 165 min nəfərdən çoxunu, yaxud 35,8 faizini 14-29 yaşda gənclər təşkil edir. Onların yüksək səviyyəli təhsillə təmin olunmaları məqsədilə 212 ümumtəhsil məktəbi, Heydər Əliyev adına Hərbi Lisey, 26 Uşaq Musiqi və İncəsənət Məktəbi əsaslı təmir olunaraq və ya yenidən qurularaq istifadəyə verilib.
Nazir diqqətə çatdırıb ki, Naxçıvanda gənclərin vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir, müxtəlif mövzularda tədbirlər keçirilir. Eyni zamanda son illər muxtar respublikada idmanın kütləviliyi diqqət mərkəzindədir. Muxtar respublikanın şəhər və rayonlarında olimpiya idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman məktəblərinin, şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və sadə tipli idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
“2020-ci ildə gənclərimizin qazandığı ən böyük uğur isə sözsüz ki, İkinci Qarabağ Müharibəsində göstərdikləri şücaət və qazandığımız tarixi qələbəmizdir”, – deyən Azad Cabbarov vurğulayıb ki, bu qələbə Ali Baş Komandanımızın qətiyyəti, böyük siyasi iradəsi, Azərbaycan əsgərinin gücü, gənclərimizin özləri üçün hər şeydən üstün tutduğu Vətən sevgisidir. “Naxçıvan Vətən müharibəsində Azərbaycanın ən çox şəhid verən bölgələrindəndir”,- deyən nazir vurğulayıb ki, Naxçıvan gənclərinin bu cür vətənpərvərliyi, Vətənə, elə bağlılığı, hünəri, qorxmazlığı yaradılan şəraitin, aparılan dövlət gənclər siyasətinin bəhrəsidir.
Nazir çıxışının sonunda göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə muxtar respublika gəncləri adından minnətdarlığımızı bildirib.
Yekunda tədbirin qətnaməsi və IX Forumun iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.