Azərbaycan şahmatçısı qrossmeyster Teymur Rəcəbov “Champion Chess Tour” çərçivəsində start götürən “Airthing Masters” turnirində mübarizəyə başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əvvəlcə Daniil Dubov (Rusiya) ilə heç-heçə edən şahmatçımız sonra ispaniyalı David Quixarro üzərində qələbə qazanıb. O, sonuncu iki oyunda isə hazırkı dünya çempionu Maqnus Karlsen (Norveç), daha sonra Aniş Giri (Hollandiya) ilə heç-heçə edib.
Yekunda 2,5 xal toplayan şahmatçımız liderlər qrupunda yer alıb. Onunla eyni xal toplayan amerikalı Hikaru Nakamura birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turnirin ilk üç günü ərzində keçiriləcək oyunlarda 12 iştirakçı arasında pley-offda mübarizəni davam etdirəcək ən güclü səkkizlik müəyyənləşəcək.
Yanvarın 3-dək davam edəcək turnirin ümumi mükafat fondu 200 min ABŞ dollarıdır.