Koronavirus pandemiyası ilə əlaqədar təxirə salınan Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçılarını qarşıda çətin vəzifələr gözləyir. Plana əsasən yarışlar cəmi yeddi ay sonra baş tutmalıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Olimpiya Oyunlarının tarixində ilk dəfə olaraq təxirə salınan Olimpiya Oyunları iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlamalıdır. Təşkilatçılar Olimpiya Oyunlarına buraxılması nəzərdə tutulan tamaşaçıların sayını yazda müəyyənləşdirməyi planlaşdırırlar. Olimpiya məşəli estafeti də martda start götürməlidir.
Bununla yanaşı, test tədbirlərinin martda başlaması və mayadək yekunlaşdırılması nəzərdə tutulur.
İştirakçı idmançıların siyahısının dəqiqləşdirilməsi isə iyunun sonlarında başa çatdırılmalıdır.
Lakin koronavirus pandemiyasının bütün dünyanı ağuşuna alması və onun yeni ştammlarının meydana gəlməsi böyük problemlər yaradır.
Buna görə də iştirakçı ölkələrin seçim turnirlərini təşkil etməsi və qalib idmançıların Tokioya vaxtında göndərilməsi mühüm vəzifə olaraq qarşıda dayanır.