Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il yanvarın 1-nə olan reytinq siyahısını açıqlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın ilk onluqda yer alan iki şahmatçısının – Şəhriyar Məmmədyarovun və Teymur Rəcəbovun mövqeləri yeni reytinqdə dəyişməyib. Ş.Məmmədyarov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu pillədəki mövqelərini qoruyublar.
Digər şahmatçılarımız isə reytinq siyahısında geriləyiblər. Nicat Abasov 2668 xalla 70-ci (sonuncu siyahıda 61-ci), Qədir Hüseynov 2665 xalla 74-cü (62), Rauf Məmmədov 2654 xalla 92-cidir (79). Reytinq siyahısında irəliləyən yeganə şahmatçı Arkadi Naydiçdir. Aktivində 2649 xal olan şahmatçımız mövqeyini 15 pillə yaxşılaşdıraraq 100-cü sırada qərarlaşıb.
Qadın şahmatçılarının reytinq siyahısında isə ilk yüzlükdə üç təmsilçimiz yer alıb. Günay Məmmədzadə (2443) beş pillə geriləyək 31-ci yerdədir. Siyahıda 79-cu pillədə qərarlaşan Gülnar Məmmədova (2382) 13, 90-cı yerdəki Xanım Balacayeva (2376) isə 17 pillə geriləyiblər.
Ölkələrin siyahısında isə Azərbaycan 2656 xalla yeddincidir.
Qeyd edək ki, kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2862) başçılıq edir. Qadın şahmatçılar arasında ən yüksək reytinq xalı (2658) çinli Yifan Houya məxsusdur. Milli federasiyaların reytinqində isə Rusiya (2736) liderdir.