Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası ilə uğurla yekun vurub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 8-də Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 2020-ci ilin yekunları ilə bağlı tədbiri keçirilib.

Əvvəlcə Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov çıxış edərək deyib ki, hazırda dünyanı əhatə edən pandemiya federasiyanın fəaliyyətinə də təsirsiz ötüşməyib, qarşıda duran vəzifələrin icrası məlum məsələyə görə təxirə salınıb. Buna baxmayaraq, Şahmat Federasiyası üçün ili uğurlu hesab etmək olar. Belə ki, il ərzində şahmatçıların bu idman növünə marağının artırılması üçün mütəmadi olaraq onlayn tədbirlər, yarışlar keçirilib. Bu da muxtar respublikada fəaliyyət göstərən şahmat mərkəzlərində və məktəblərdə müasir texnologiyanın yüksək səviyyədə olmasının göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində şahmatçılar üçün hərtərəfli şərait yaradılıb. Bunun nəticəsidir ki, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlər beynəlxalq şahmat ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir.

Vurğulanıb ki, 2020-ci il həm də ölkəmizin tarixinə qızıl hərflərlə yazılıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ikinci Qarabağ müharibəsindəki tarixi qələbə nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız geri qaytarılıb. Müharibədə Naxçıvanın igid zabit və əsgərlərinin göstərdiyi şücaət danılmazdır. Bu onu göstərdi ki, Naxçıvanda gənclik vətənpərvər ruhda tərbiyə olunur və böyüyür.

Qeyd edilib ki, Şahmat Federasiyasının 2021-ci il üçün planları artıq təsdiqlənib. Bununla yanaşı, federasiyanın məşqçi-müəllimləri, eləcə də zəka sahibləri üçün yeni kitabların tərcüməsi, məşqçilərin ərsəyə gətirdiyi kitabların çapı nəzərdə tutulub. Geridə qoyduğumuz ildə şahmat məktəblərinin Avropa ölkələri, Türkiyənin müxtəlif klubları, eləcə də ölkənin bəzi şəhər və rayon şahmat məktəbləri ilə onlayn yoldaşlıq görüşləri təşkil etməsi federasiyamızın mütəmadi olaraq çalışdığından xəbər verir. Xüsusilə Sədərək rayon Uşaq Gənclər Şahmat Məktəbi ilə Lənkəran rayon şahmatçıları arasında keçirilən yoldaşlıq görüşü yüksək qiymətləndirilib.

Federasiya rəhbəri çıxışının sonunda diqqətə çatdırıb ki, bu gün Ali Məclis Sədrinin qayğısı nəticəsində Naxçıvan şahmatı yeni inkişaf dövrünü yaşayır. Şahmatçılarımız beynəlxalq arenada öz yerini tutur, reytinqlərini artırırlar. Federasiya üzvləri adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirən Seymur Talıbov cari ildə də bu uğurlu fəaliyyətin davam etdiriləcəyinə əminliyini bildirib.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyev federasiyanın 2020-ci ildə gördüyü işlərdən danışaraq bildirib ki, ötən il 38 şahmatçımız Ağcabədi rayonunda keçirilən şahmat üzrə Azərbaycan birinciliyinin seçmə yarışlarında mübarizə aparıb. 12 zəka sahibimiz ölkə birinciliyində iştirak etmək hüququ əldə edib. Sevindirici haldır ki, bu şahmatçılar arasında Babək, Şərur və Ordubad rayonlarının şahmatçıları da yer alıb. Geridə qoyduğumuz ildə onlayn olaraq həftədə 5 dəfə dərslər keçirilib, yoldaşlıq görüşləri təşkil olunub. Eyni zamanda, bütün dərslər federasiyanın “YouTube” kanalına yerləşdirilib, CD-lər şəklində bütün məktəblərə paylanılıb. Federasiyanın saytı operativ olaraq çalışır və məlumatlar hər gün yenilənir. Emin Hacıyev yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə şahmatçılar adından minnətdarlıq edib.

Sonra rayon şahmat məktəblərinin direktorları və məşqçi-müəllimləri ilə növbəti ildə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb, məşqçi-müəllimlərin fikirləri dinlənilib, təkliflər müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: