Fransanın Nitsa şəhərində güləş üzrə Henri Deqlan Qran-Pri turniri davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 16-da sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Güləşçimiz Georgi Edişeraşvili (57 kq) startda ABŞ təmsilçisinə məğlub olub. Əvəzində Mahir Əmiraslanov (57 kq) 1/8 finalda İsveçrə təmsilçisinə elə ilk hissədə qalib gəlib. Ancaq həmyerlimiz daha sonra ABŞ idmançısı ilə bacarmayıb. Mübarizəyə 1/4 finaldan qoşulan İslam Bazarqanov (57 kq) Rumıniya güləşçisini ilk hissədə üstələyərək yarımfinala vəsiqə qazanıb.
Millimizin üzvü Turan Bayramov (65 kq) ilk görüşdə yerli idmançıya heç bir şans tanımayıb. Dörddəbir finalda Moldova güləşçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada sonuncu xal prinsipinə əsasən gənc pəhləvanımız adını yarımfinala yazdırıb.
Coşqun Əzimov (74 kq) Moldovanın digər təmsilçisini "tuşe" ilə sıradan çıxarıb, isveçrəli rəqibi məğlub edib və yarımfinala adlayıb. Eyni çəki dərəcəsində çıxış edən Hacımurad Hacıyev isveçrəli və moldovalı rəqibləri üzərində inamlı qələbə qazanaraq adını yarımfinala yazdırıb.
Turnirdə 92 kiloqram çəki dərəcəsində iştirakçı sayı az olduğu üçün dairəvi sistemdən istifadə olunub. Güləşçimiz Osman Nurməhəmmədov ilk görüşdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. İkinci görüşdə isə Almaniya idmançısını vaxtından əvvəl məğlub edib.