Beynəlxalq dərəcəli hakim şahmat üzrə interaktiv dərs keçib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində keçirilən interaktiv dərsi Beynəlxalq dərəcəli hakim Emin Hacıyev keçib. “Naxçıvan şahmatçılarının oyunlarının təhlili” və “Məsələ həlli” mövzuları ilə bağlı olan dərs muxtar respublikanın 200-dən artıq təhsil müəssisəsində elektron lövhə vasitəsilə izlənilib.
Elektron şahmat proqramları, “Siciliya müdafiəsi” və “Etüdlərin həlli” haqqında ətraflı məlumat verən Emin Hacıyev qeyd edib ki, müasir şahmatın öyrənilməsində elektron şahmat proqramlarından istifadə günün tələbi kimi mütləq xarakter daşıyır. Bu gün muxtar respublika məktəblərində “Lichess.org”, “chess.com” kimi internet səhifələrindən geniş istifadə olunur. Bundan başqa Naxçıvan Şahmat Federasiyasının “Youtube” səhifəsində dərslər yerləşdirilib və elektron dərsliklər CD formasında məktəblərə çatdırılıb.
İnteraktiv şahmat məşğələsi ümumtəhsil məktəblərinin şagirdləri və bu fənni tədris edən müəllimlər üçün ayrı-ayrı saatlarda keçirilib.
Qeyd edək ki, rayon şahmat məktəbləri ilə də keçirilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib, şahmatçıları maraqlandıran suallar cavablandırılıb.
Röyal Kərimov