Onilliyin ən çox çempion olan klublarının siyahısı açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-20-ci illərdə öz ölkəsində ən azı 5 dəfə qızıl medal qazanan komandaların cədvəlini tərtib edib.
Siyahının lideri “Real Esteli” klubudur. Ardıcıl 10 il Nikaraqua çempionu olan komanda hesabat dövründə bütün qızıl medallara yiyələnib.
6 komanda onillikdə 9 çempionluq yaşayıb. Buna “Yuventus” İtaliyada, “Seltik” Şotlandiyada, Zaqreb “Dinamo”su Xorvatiyada, “Lüdoqorets” Bolqarıstanda, “Tupapa” Kuk adalarında, “Bandits” Belizdə nail olub. 14 komanda isə bu müddətdə 8 çempionluq yaşayıb.
Dünyanın 118 çempionunun yer aldığı siyahıda “Qarabağ” da var. Son 10 ildə 7 dəfə Azərbaycan çempionu olan Ağdam klubu 22-42-ci yerləri bölüşür.
Planetin 21 komandasından geri qalan Qurban Qurbanovun yetirmələri eyni göstəriciyə malik olan “21-lik”dədir. “Qarabağ”ın şərikləri sırasında “Bazel” (İsveçrə), PSJ (Fransa), “Maribor” (Sloveniya), “Düdelanj” (Lüksemburq), “Əl-Əhli” (Misir) kimi klublar da var.
Keçmiş SSRİ təmsilçilərindən “Şaxtyor” (Ukrayna), BATE (Belarus), “İstiqlol” (Tacikistan) və “Şerif”(Moldova) daha çox – 8 dəfə qızıl medal qazanıb. “Altın Asır” (Türkmənistan) isə “Qarabağ”la eyni göstəriciyə malikdir. 5 dəfə Türkiyə çempionu olan “Qalatasaray”ın da adı siyahıya düşüb. İstanbullular 65-118-ci yerləri bölüşür.