Yanvarın 24-də "Karabakh is Azerbaijan" şahmat seriyası çərçivəsində ikinci turnir -"Fuzuli Cup" keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Chess.az saytının təşkil etdiyi yarışda Azərbaycan, Türkiyə və Ukraynadan ümumilikdə 57 şahmatçı iştirak edib. Doxsan dəqiqə davam edən turnirin qalibi (10 xal) İmişli rayon yetirməsi Elnur Mehtiyev olub. İkinci yeri Rəvan Uğuzov (Bakı, 8 xal) tutub. Üçüncü pillədə isə Türkiyə təmsilçisi Kutay Sakmak (6 xal) qərarlaşıb.
İki turnirin qalibi olan E.Mehtiyev ümumi hesabda, 20 xalla liderlik edir. İkinci və üçüncü yerləri 8 xalla, müvafiq olaraq Rəvan Uğuzov (8 xal) və Orxan Bağırov (Bakı, 8 xal) tutublar.
Turnirlər Lichess.org platforması üzərindən oynanılır.
Xatırladaq ki, seriya ümumilikdə 8 turnir və böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyacaq. 8 turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar böyük finala düşmək üçün xallar qazanacaqlar.
Seriyanın sonunda ən çox xal toplamış ilk 10 şahmatçı martın 14-də keçiriləcək böyük finalda oynamaq hüququ əldə edəcək.