Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının yekun iclası keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələr mövzusunda iclası keçirilib.
İclası giriş sözü ilə açan Güləş Federasiyasının sədri Azər Zeynalov muxtar respublikada idmanın inkişafı istiqamətində aparılan dövlət siyasətinin uğurlarından danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə yaradılan idman federasiyaları, eləcə də yeni tikilən və ya əsaslı təmir olunan idman obyektləri idmanın inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. İdmanın inkişafına göstərilən dövlət qayğısının davamlılığını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilib.
Vurğulanıb ki, muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarından biri də Güləş Federasiyasıdır. 19 il bundan əvvəl – 2002-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən ötən müddət ərzində güləş idman növlərini inkişaf etdirmək, kütləviliyə nail olmaq sahəsində bir sıra işlər görülüb. Federasiyada yunan-roma, sərbəst güləş, cüdo və sambo idman növləri üzrə bölmələr yaradılıb və bu bölmələrdə, ümumilikdə, 101 qrupda 1449 idmançı güləş idman növləri üzrə məşğələlərdə iştirak edirlər.
Azər Zeynalov qeyd edib ki, 2020-ci ildə federasiya tərəfindən şəhər və rayon birincilikləri təşkil olunub, yarışların qaliblərinə diplom və hədiyyələr verilib. Həmçinin idmançıların beynəlxalq yarışda iştirakı təmin edilib. 2020-ci il ərzində Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları 1 beynəlxalq, 2 respublika turnirində iştirak edib, 5 medal qazanıblar.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədr müavini Faiq İsgəndərov 2020-ci ildə görülən işlər və keçirilən yarışlar barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov isə çıxışında vurğulayıb ki, nazirlik muxtar respublikamızda 2002-ci ildə yaradılan Güləş Federasiyası ilə birgə idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirib. Ötən il Naxçıvan güləşçiləri respublika və beynəlxalq miqyaslı turnirlərdən 5 medal qazanıblar. Muxtar respublikamızın şəhər və rayonlarını əhatə etməklə, ötən il ərzində 1449 idmançı, 101 fərqli qrupda idmanın bu növü üzrə keçirilib hazırlıqlarda, təlim-məşq proseslərində iştirak ediblər.
Sonra gündəlikdə duran məsələlərlə bağlı qərar layihəsi qəbul edilib.
Güləş Federasiyasının sədri Azər Zeynalov 2021-ci ildə görüləcək işlərlə bağlı tapşırıqlar verib. Bildirilib ki, 2021-ci ildə güləş idman növlərini inkişafı davam etdirilməli, bu sahədə kütləviliyə nail olunmalı və idman nailiyyətlərini yüksəltmək məqsədilə fəaliyyət daha da gücləndirilməlidir. Federasiyanın 2021-ci il üçün hazırladığı Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin vaxtında icrası təmin edilməlidir. İdmançıların ölkə və beynəlxalq yarışlara hazırlıq səviyyəsi artırılmalı, güləşin bütün növləri üzrə yarışlar təşkil olunmalıdır. Məşqçilər peşəkarlıq səviyyəsini artırmalıdır. Bu məqsədlə tanınmış məşqçilərin muxtar respublikaya dəvət edilməsi, burada seminar və məşğələlər keçirmələri diqqətdə saxlanılmalıdır. Muxtar respublikada daxili yarışların keçirilməsi təmin edilməli, güləş idman növlərinin şəhər və rayonlarda kütləviliyinə və inkişafına nail olunmalıdır. Federasiyanın bölmələri fəaliyyətlərini gücləndirməlidir. Gənclərin bölmələrə cəlbi, eləcə də bölmələrarası güləş yarışlarının keçirilməsinin təşkili diqqətdə saxlanılmalı, rəqabət mühiti formalaşdırılmalıdır. Yarışlarda yüksək nailiyyətlər əldə edən idmançılar həvəsləndirilməlidir. İstedadlı gənclərin məlumat bankı yaradılmalı və hər yarışdan sonra yenilənməlidir.
Çıxışının sonunda Azər Zeynalov muxtar respublikada idmanın inkişafına, idmançıların hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğıya görə federasiya adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.
İclasda 2020-ci ildə yüksək nəticə göstərən idmançılar və məşqçi-müəllimlər Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası tərəfindən mükafatlandırılıblar.