Muxtar respublikada 1164 idmançı atletikanın müxtəlif növləri ilə məşğul olur - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Tədbirdə çıxış edən Federasiyanın sədri Rəhman Məmmədov bildirib ki, federasiya ötən müddət ərzində atletikanın muxtar respublikada təbliği və inkişafı məqsədilə bir sıra işlər görüb. İl ərzində atletika idman növləri üzrə yığma komandanın tərkibi müəyyənləşib, təlim-məşqlər keçirilib, yığma komandaya cəlb edilən atletlərin atletika üzrə rayon, şəhər, muxtar respublika birinciliklərinin təşkili və beynəlxalq səviyyəli yarışlarda idmançıların iştirakı təmin edilib.
Muxtar respublikada ağır atletika və bədii gimnastika idman növlərinin inkişafı üçün də müasir bazanın mövcudluğu, federasiyanın tərkibinin daha da genişləndirilməsinə ehtiyac yaradıb.
Vurğulanıb ki, Naxçıvan şəhərində və rayonlarda yerləşən ümumtəhsil məktəblərində 29 atletika, 2 ağır atletika idman klubu yaradılıb. Yaradılan bu idman klublarının fəaliyətlərinin daha səmərəli və əməli olması üçün 20 adda 712 ədəd müxtəlif zəruri idman avadanlıqlarının verilməsi nəzərdə tutulub.
Federasiyada yaradılan atletika bolməsində 98 qrupda 1164, bədii gimnastika bölməsində 15 qrupda 170, ağır atletika bölməsində 1 qrupda 6 nəfər olmaqla, ümumilikdə 1340 atlet və gimnast məşğələlərdə iştirak edirlər. Bu idmançılarla 54 məşqçi-müəllim məşğul olur.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov qeyd edib ki, 2020-ci il ərzində nazirlik kütləvi bədən tərbiyəsi və idman sahəsi üzrə 143 tədbir keçirib. Eyni zamanda, Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 20, beynəlxalq miqyaslı turnirlərdə 17, olmaqla, ümumilikdə muxtar respublikadan kənar yarışlarda 37 medal qazanıb. 1 nəfər idmançının adı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na daxil edilib, o aylıq təqaüdə layiq görülüb.
Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası da 2020-ci ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Muxtar respublikamızda 1164 idmançı 116 qrupda idmanın bu növü ilə məşğuldur.
İclas 2021-ci ildə görüləcək işlərin müzakirəsi ilə davam edib. Sonda il ərzində uğur qazanan məşqçi və idmançılara hədiyyələr təqdim olunub.
Azər Zeynalov