Fevralın 7-də futbol üzrə İngiltərə Premyer Liqasının 23-cü turun mərkəzi qarşılaşması keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, son çempion “Liverpul” öz meydanında əzəli rəqibi “Mançester Siti” komandasını qəbul edib.
Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Mançester təmsilçisinin heyətində İlkay Gündoğan (2), Rahim Sterlinq, Filip Foden fərqləniblər. “Liverpul”un isə yeganə qoluna Məhəmməd Salah imza atıb.
Bu qələbə sayəsində “Mançester Siti” xal ehtiyatını 50-yə çatdıraraq turnir cədvəlində liderliyini davam etdirir. “Liverpul” isə 40 xalla dördüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, növbəti tur hər iki komanda üçün çətin keçəcək. Belə ki, Mersessayd təmsilçisi səfərdə “Lester Siti”nin qonağı olacaq. “Mançester Siti” isə öz meydanında “Tottenhem” komandasını qonaq edəcək.