Münxenin “Bavariya” komandası FIFA-nın təşkil etdiyi klublararası dünya çempionatının qalibi olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Qətərin Al Rayyan şəhərində oynanılan final qarşılaşmasında UEFA Çempionlar Liqasının sonuncu qalibi “Bavariya” Şimali Amerika Futbol Konfederasiyasının (CONCACAF) qalibi “Tigres UANL” (Meksika) komandasını minimal hesabla məğlub edib. Oyunda yeganə qolu “Bavariya”nın fransalı müdafiəçisi Benjamen Pavar vurub. O, matçın 59-cu dəqiqəsində fərqlənərək oyunun taleyini həll edib.
Bununla da “Bavariya” ikinci dəfə bu turnirin qalibi olub. Komanda 2013-cü ildə finalda Mərakeşin “Raca Kasablanka” klubunu 2:0 hesabı ilə məğlub edib.
Turnirdə üçüncü yer uğrunda oyunda ev sahibi “Al Ahli” klubu Braziliyanın “Palmeyras” komandasını məğlub edib. Əsas vaxtı 0:0 hesabı ilə başa çatan qarşılaşmada “Al Ahli” 11 metrlik cərimə zərbələri seriyasında qalib gəlib – 3:2.
Klublararası dünya çempionatında ən çox qalib gələn komanda Madridin “Real” klubudur. İspaniya təmsilçisi 4 dəfə - 2014-cü, 2016-cı, 2017-ci və 2018-ci illərdə bu turnirin kubokunu başı üzərinə qaldırıb. Bu göstəriciyə görə “Barselona” (2009, 2011, 2015) ikinci sırada qərarlaşıb. Turnirin ötənilki qalibi isə İngiltərənin “Liverpul” komandası olub.