"Azərbaycanla matçdakı qələbə sayəsində Avropa çempionatına vəsiqə qazanacağıq".
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu fikirləri futbol üzrə qadınlardan ibarət İspaniya yığmasının baş məşqçisi Xorxe Vilda Azərbaycana qarşı keçirəcəkləri Avropa çempionatının seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis bildirib ki, Fransa "Lion"undan Lola Qallardo və PSJ-dən İrene Paredes klublarına qayıtdıqdan sonra karantinə alınacaqları üçün Bakıya gətirilməyəcək: "Onlar Azərbaycanla matçı buraxsalar da, Polşa ilə ev matçında oynayacaqlar".
Vilda ilk hədəflərinin Bakıdakı görüşdə qələbə qazanmaq və Avropa çempionatına vəsiqəni təmin etmək olduğunu vurğulayıb.
Qeyd edək ki, fevralın 18-də "ASK Arena"da keçiriləcək Azərbaycan - İspaniya oyunu saat 20:00-da başlayacaq. İspaniya 16 xalla D qrupunun lideridir. Azərbaycan seçməsinin isə xalı yoxdur və 5-ci-sonuncu pillədə qərarlaşıb.