“Karabakh is Azerbaijan”: “Shusha Cup” turnirinin qalibləri müəyyənləşib

A- A A+

Fevralın 14-də “Karabakh is Azerbaijan” onlayn şahmat seriyası çərçivəsində “Shusha Cup” turniri keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Chess.az saytının təşkil etdiyi və “Azerfon” şirkətinin baş sponsoru olduğu seriya yarışının 5-ci mərhələsində 77 şahmatçı mübarizə aparıb. Turnirdə ən yüksək nəticəni 11 oyundan 8,5 xal toplayan İsmayıl Süleymanlı tutub. Onunla eyni xalı yığan Nurlan Hacıyev və Aydın Allahverdiyev əlavə göstəricilərə görə, müvafiq olaraq, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Beş turnirdən sonra Azərbaycan şahmatçısı Elnur Mehtiyev 20 xalla birinci yerdədir. Digər təmsilçimiz Orxan Bağırov eyni xalla ikinci, Türkiyə şahmatçısı Kutay Sakmak 16 xalla üçüncü pillədə qərarlaşıblar.

Qeyd edək ki, indiyədək keçirilmiş dörd turnirdə Azərbaycan, Türkiyə, Ukrayna və Hindistandan iki yüzə yaxın şahmatçı iştirak edib.

Seriya çərçivəsində bundan sonra daha 3 yarışın - fevralın 21-də "Agdam Cup", fevralın 28-də "Kalbajar Cup", martın 7-də isə "Lachin Cup" turnirlərinin təşkili planlaşdırılıb. Seriya ümumilikdə, 8 turnir və böyük finaldan ibarət olacaq. Hər bir turnir işğaldan azad olunmuş şəhərlərimizin adını daşıyacaq. Səkkiz turnirin hər birində ilk altı yeri tutmuş şahmatçılar böyük finala düşmək üçün xallar qazanacaqlar.

Seriyanın sonunda, ən çox xal toplamış ilk 10 şahmatçı martın 14-də keçiriləcək böyük finalda oynamaq hüququ əldə edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: