Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyasında ən çox xal toplayan şahmatçı kimi ilk iki pilləni bölüşür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şahmatçımız seriya çərçivəsində indiyədək keçirilmiş 3 turnirdə 108 xal toplayıb. Onunla eyni xalı yığan amerikalı qrossmeyster Uesli So seriyanın ən sonuncu - üçüncü mərhələsində (“Opera Euro Rapid”) hazırkı dünya çempionu, norveçli Maqnus Karlseni məğlub etməklə qalib olub. Həmin yarışda qrossmeysterimiz fransalı Maksim Vaşye-Laqravı mübarizədən kənarlaşdıraraq 3-cü yeri tutub.
Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.