Muxtar respublikada “Nizami xəmsəsi” layihəsi davam edir - FOTOLAR
Ötən gündən Naxçıvan Muxtar Respublikası Gənclər Fondu “Nizami xəmsəsi” layihəsinə start verib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, layihənin ikinci günündə Ədəbiyyat Muzeyində “Nizaminin söz dünyası, poetik dili və ədəbi irsi” mövzusunda açıq dərs təşkil olunub.
Gənclər Fondunun şöbə müdiri Arzu Qasımov, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətindən danışıb. Dahi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə keçirilən “Nizami xəmsəsi” layihəsinin ölməz sənətkarın həyatı və yaradıcılığının, ideallarının muxtar respublika gənclərinə tanıdılması və təbliğində mühüm rol oynayacağını vurğulayıb.
Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru, əməkdar müəllim Sədaqət Həsənova “Nizaminin söz dünyası, poetik dili və ədəbi irsi” mövzusunda tələbələrə açıq dərs keçib.
Açıq dərsdən sonra gənclər Ədəbiyyat Muzeyinin ekspozisiyası ilə tanış olublar.
Bu gün, həmçinin “Nizami xəmsəsi” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda Nizami poeziyası adlı bədii qiraət müsabiqəsi də təşkil olunub.
Sadiq Məmmədov