“Borussiya Dortmund”un norveçli hücumçusu Erlinq Haaland UEFA Çempionlar Liqasının tarixində rekord edib
Ötən gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində keçirilən “Sevilya” - “Borussiya Dortmund” qarşılaşması Almaniya təmsilçisinin hücumçusu Erlinq Haaland üçün əlamətdar olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, norveçli futbolçu “Sevilya”nın qapısına iki dəfə yol tapmaqla Çempionlar Liqasında vurduğu qolların sayını 17-yə çatdırıb. Beləliklə, Erlinq Haaland 13 görüşdə 17 qol vurmağı bacaran ilk futbolçu kimi qitənin ən nüfuzlu klub turnirinin tarixinə düşüb.
Xatırladaq ki, “Borussiya Dortmund”un səfərdə 3:2 hesabı ilə qalib gəldiyi oyunda norveçli hücumçu 27-ci və 43-cü dəqiqələrdə fərqlənib.