Gənc güləşçilərin Avropa çempionatı başlayır - FOTOLAR
İyulun 30-dan avqustun 5-dək İtaliyanın paytaxtı Romada gənclər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından NUHÇIXAN-a verilən xəbərə görə, çempionatda hər üç güləş növü üzrə yığmamızın üzvləri iştirak edəcəklər.
İlk olaraq mübarizəyə yunan-Roma güləşçiləri başlayacaqlar. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında İtaliyaya 7 güləşçimiz yollanıb. Heyətdə Zaur Əliyev (55 kq), Zaur Nuriyev (60 kq), Kamran Mirzəliyev (63 kq), Məmmədəli Həsənov (67 kq), Ülvi Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq) və Nəzərşah Fətullayev (87 kq) yer alıb.
Avqustun 1-3-də mübarizəyə qoşulacaq gənc qızların mübarizəsində yığmamız 3 idmançı ilə təmsil olunacaq. Məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında çempionata Yasəmən Məcidli (50 kq), Tatyana Varantsova (53 kq) və Ceyla Nağızadə (65 kq) yollanacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi Romada beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edəcək.
Sərbəst güləş yığmasının heyəti qarşıdakı günlərdə elan ediləcək.