Təl-Əvivdə start götürən “Böyük dəbilqə” turnirinin ikinci günündə Azərbaycanın üç cüdoçusu mübarizəyə qoşulacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kişilərin yarışında Telman Vəliyev (73 kq) onaltıdabir finalda Lukas Rayter (Avstriya) ilə qarşılaşacaq. Səkkizdəbir finaldan mübarizəyə başlayan Zelim Tskayevin (81 kq) birinci görüşdə rəqibi yerli idmançı Ben Haroç olacaq. Onunla eyni çəki dərəcəsində çıxış edən Hidayət Heydərov isə onaltıdabir finalda rumıniyalı Marsel Çerçanı sınağa çəkəcək.
Qeyd edək ki, turnirin birinci günündə Azərbaycan komandası bir medal qazanıb. Cüdoçularımızdan 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Davud Məmmədsoy bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Komandamızın digər üzvü - 66 kiloqram çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə isə yeddinci yeri tutub. Turnirin birinci günündə mübarizə aparan digər idmançılarımız - Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) mübarizəni erkən dayandırıblar.
Kişilərin və qadınların yarışlarında ümumi nəticəsinə görə, yığmamız Fransa, İsrail, İspaniya, Böyük Britaniya komandalarından sonra beşinci yerdədir.
Fevralın 20-dək davam edəcək turnirdə 60 ölkədən 400-dən çox idmançı mübarizə aparır. Azərbaycan turnirə 15 idmançı ilə qatılıb.