Fevralın 21-də futbol üzrə Türkiyə çempionatının XXVI turunun üçüncü gün qarşılaşmasında "Fənərbağça" doğma meydanda "Göztəpə"ni qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul təmsilçisi rəqibinə minimal hesabla məğlub olub. "Göztəpə"nin yeganə qolunu 9-cu dəqiqədə Halil Akbunar vurub.
Günün digər matçında isə “Sivasspor” doğma meydanda “Kayserispor”un qapısından iki cavabsız top keçirib. "Hatayspor" isə səfərdə "Ərzurumspor"a 1:3 hesabı ilə qalib gəlib. “Dənizlispor” - "Gənclərbirliyi" matçında isə qapılara qol vurulmayıb - 0:0.
Tura bu gün keçiriləcək "Ankaragücü" - "Rizəspor" görüşü ilə yekun vurulacaq.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 54 xalla “Qalatasaray” başçılıq edir. İkinci pillədə 51 xal toplayan “Beşiktaş”, üçüncü pillədə isə onunla eyni xala malik olan “Fənərbağça” qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XXVI turda “Beşiktaş” istirahət edir.