“Nizami xəmsəsi” layihəsinə yekun vurulub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən “Nizami xəmsəsi” layihəsi bu gün “Nizami dünyasının işığında” adlı ədəbi-bədii gecə ilə sona çatıb.
Bu münasibətlə Gənclər Mərkəzində keçirilən tədbirdə Fondun icraçı direktoru Cəbi Quliyev “Nizami xəmsəsi” layihəsinin keçirilməsinin əhəmiyyətindən və gənc nəslin dahi şairin poetik irsini daha geniş öyrənməsinin vacibliyindən danışıb. Bildirib ki, 16-22 fevral tarixlərində keçirilən “Nizami xəmsəsi” layihəsində gənclər fəal iştirak edib. Layihə çərçivəsində dahi filosof şairin yubileyinin müxtəlif səpkili tədbirlərlə qeyd edilməsi muxtar respublika gəncləri arasında tariximiz, ədəbiyyatımız, mədəniyyətimizin təbliği baxımından görülən tədbirlərdən biri kimi yadda qalıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev, Naxçıvan Dövlət Universitetinin müəllimi Zamin Əliyev, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev dahi şairimizin həyat və yaradıcılığından bəhs edib, onun poeziyasından nümunələr səsləndiriblər. Tədbirdə gənclər Nizaminin qəzəllərini bədii qiraət edib.
“Nizami xəmsəsi” layihəsi çərçivəsində “Nizami poeziyası” bədii qiraət müsabiqəsinin qalibi olan gənclərin çıxışları və dahi şairin obrazının yaradılması tədbirə əlavə rəng qatıb.
“Nizami dünyasının işığında” adlı ədəbi-bədii gecədə “Xəmsə” milli intellektual oyununun, bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Röyal Kərimov