Naxçıvanda məktəblilərin ənənəvi dram müsabiqəsinə start verildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada keçirilən məktəblilərin ənənəvi dram müsabiqəsinə start verilib. Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə keçirilən müsabiqədə Naxçıvan şəhər mərhələsində 2 nömrəli tam orta məktəbin şagirdləri Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” əsərindən “Sultan Səncər və qarı”, 4 və 10 nömrəli tam orta məktəbin şagirdləri M.F.Axundovun “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli şah”, 8 nömrəli tam orta məktəbin şagirdləri Nizami Gəncəvinin əsərlərindən hazırlanmış “Kompozisiya”nı təqdim ediblər.
Təqdim edilən tamaşalar əsasən şagirdlərin istedadı geyim, aktyor oyunu və obrazlı ifa, səhnə, eyni zamanda musiqi tərtibatı meyarlarına görə qiymətləndirilib. Yekun nəticəyə əsasən 10 nömrəli tam orta məktəbin kollektivi I, 2 nömrəli tam orta məktəbin şagirdləri II, 4 nömrəli tam orta məktəbin yetirmələri III, 8 nömrəli tam orta məktəbin istedadlı üzvləri isə həvəsləndirici yerə layiq görülüb.
Qeyd edək ki, birinci yerə layiq görülən 10 nömrəli tam orta məktəbin təmsilçiləri aprelin 8-də keçiriləcək müsabiqənin muxtar respublika mərhələsində iştirak edəcəklər.
Xuraman Rəhimova