Çempionlar Liqası: “Real Madrid” evdə “Atalanta”nı, “Borussiya Mönhenqladbax” isə “Mançester Siti”ni sınağa çəkəcək
Fevralın 24-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin birinci turunun son iki oyunu keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
Gecənin maraq doğuran görüşü İtaliyada “Atalanta” və “Real Madrid” komandaları arasında oynanılacaq. Oyundan əvvəl “kral klubu”nun heyətində ciddi itkilər var. Dani Karvaxal, Serxio Ramos, Eder Militao, Marselo, Alvaro Odriosola, Federiko Valverde, Eden Azar, Kərim Benzema və Rodriqo zədəli olduqları üçün meydana çıxa bilməyəcəklər. Meydan sahiblərinin heyətində isə Hans Hatebur zədə səbəbindən çıxış etməyəcək.
Günün digər matçı Almaniyanın “Borussiya Mönhenqladbax” və İngiltərənin “Mançester Siti” klubları arasında keçiriləcək. Qarşılaşma pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılacaq. Mönhenqladbax təmsilçisinin heyətində Abdulay Dukure, “şəhərlilər”də isə Natan Ake oyunu buraxmalı olacaqlar.
Bu komandalar arasında cavab matçları martın 17-də təşkil ediləcək.
Qeyd edək ki, səkkizdəbir finalın əvvəlki görüşlərində “Paris Sen-Jermen” klubu “Barselona” komandasına 4:1, “Liverpul” klubu “Leyptsiq” kollektivinə 2:0, “Portu” komandası “Yuventus”u 2:1, “Borussiya Dortmund” klubu “Sevilya”nı 3:2, “Çelsi” səfərdə “Atletiko Madrid”i 1:0, “Bavariya” isə səfərdə “Latsio”nu 4:1 hesabı ilə məğlub edib.