5 Mart Bədən Tərbiyəsi və İdman Günüdür

Naxçıvanda bədən tərbiyəsi və idman sahəsində görülən işlər öz bəhrəsini verir

A- A A+

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, hər il martın 5-i ölkəmizdə “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur.

Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət yetirmiş, gənc nəslin fiziki cəhətdən sağlam böyüməsinin qayğısına qalmışdır. Ulu öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə idmanın inkişafına güclü təkan vermişdir. Məhz bu dövrdən başlayaraq Azərbaycanda idmanın və olimpiya hərəkatının inkişafı üçün dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilmiş, 1997-ci ildən gənclər və idman siyаsəti yeni mərhələyə qədəm qоymuşdur. Həmin il iyul аyının 31-də cənаb İlhаm Əliyеvin Milli Оlimpiyа Kоmitəsinin prеzidеnti sеçilməsindən sоnrа ölkəmizdə idmаn hərəkаtı daha da gеnişlənmiş, bu sahənin inkişafına xidmət edən kоmplеks tədbirlərin həyаtа kеçirilməsinə bаşlаnılmışdır Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İdmanın inkişafı bizim dövlət siyasətimizdir və idman infrastrukturunun yaradılması prosesi davam edir. Biz gələcək illərdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik ki, hər bir rayonda idmanla məşğul olmaq üçün ən müasir şərait yaradılsın”.

Son illər ölkə iqtisadiyyatının sürətli inkişafı bədən tərbiyəsi və idman sahəsini də əhatə etmişdir. Ölkə başçısının diqqət və qayğısı ilə Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Peşəkar idmançıların yetişdirilməsi, bu sahədə qazanılan nailiyyətlərin ildən-ilə artması, beynəlxalq yarışlarda yüksək nəticələrin əldə olunması və ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi dövlətin bu sahəyə olan qayğısının nəticəsidir. 

Naxçıvan Muxtar Respublikasında da idman hər zaman diqqət mərkəzində saxlanılan və təşviq edilən bir sahə olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində hazırda muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi, Atıcılıq Mərkəzi, rayon mərkəzlərində şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadion və süni örtüklü mini futbol meydançaları, tam orta məktəblərdə müasir idman zalları, olimpiya ağırlıqqaldırma qurğuları və 967 sadə tipli idman avadanlıqları mövcuddur. 2002-ci ildə boks, güləş, karate-do, şahmat, futbol, voleybol, basketbol,  atletika,  2006-cı ildə paralimpiya, 2013-cü ildə atıcılıq, hava və ekstremal idman növləri, 2018-ci ildə kikboksinq federasiyaları yaradılmış, “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun fəaliyyəti bərpa olunmuşdur.

Bu gün muxtar respublikada gənc­lərin idmana cəlbi, onlara sağlam həyat  tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Bu gün muxtar respublikamızda, ümumilikdə, 35105 nəfər yeniyetmə və gənc aktiv şəkildə idmanla məşğul olur.

Muxtar respublikada qadınların idmana cəlbi istiqamətində də mühüm işlər görülmüş, müxtəlif idman federasiyaları üzrə qızlardan ibarət klublar yaradılmış, onların idman obyektlərindən istifadəsi təmin olunmuşdur. Muxtar respublikada stolüstü tennis, üzgüçülük, həndbol, fitnes, aerobika və Şərur rayonunda fəaliyyət göstərən ağır atletika bölmələrində, həmçinin, idmanın müxtəlif növləri ilə  məşğul olan qızların sayı ilbəil artır. Olimpiya idman komplekslərində, idman mərkəzlərində, şahmat məktəblərində, stadionlarda, mini futbol meydançalarında, ümumtəhsil məktəblərinin idman zallarında, muxtar respublikanın şəhər, rayon və qəsəbələrində fəaliyyət göstərən idman federasiyalarının klub və bölmələrində, uşaq-gənclər idman məktəblərinin qruplarında ümumilikdə 25952-si oğlan, 9153-ü isə qız idmançı olmaqla müxtəlif idman növləri ilə məşğul olurlar.

Ötən il də idmançılarımızın Beynəlxalq turnirlərdə  və Azərbaycan birinciliklərində iştirakı  təmin  edilmiş, Beynəlxalq turnirlərdə 17, Azərbaycan birinciliklərində 20 medal olmaqla, ümumilikdə 37 medal qazanmışlar. İdman federasiyaları ilə birgə hazırlanmış proqrama əsasən, gənclərin idmana cəlbinə diqqətin artırılması üçün müxtəlif idman növləri üzrə muxtar respublika səviyyəli yarışlar təşkil edilmişdir. 2020-ci ildə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə  Naxçıvan şəhərində ilk dəfə  “İdman festivalı” nın keçirilməsi isə ümumilikdə muxtar republikada  yeniyetmə və gənclərə, bədən tərbiyəsi və idmana göstərilən qayğının təzahürü  kimi yaddaşlarda qalmışdır.

Gələcəyimiz olan gənclərin fiziki cəhətdən sağlam böyüməsində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Ona görə də muxtar respublikada bu sahənin inkişafı mühüm və qabaqcıl istiqamət kimi müəyyənləşdirilmişdir. Gənclərlə iş, bədən tərbiyəsi və idman sahəsində qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələr də məhz bu məqsədə xidmət edir. 2020-ci il fevralın 1-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Bədən tərbiyəsi və idman insanın hərtərəfli inkişafını, sağlam həyat tərzini təmin edir, əhalinin əmək qabiliyyətini yüksəldir, uzunömürlülüyü artırır, zərərli vərdişlərin qarşısını almaqla gəncləri fiziki və mənəvi cəhətdən vətənin müdafiəsinə hazırlayır. Naxçıvan Muxtar Respublikasında əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Yaradılan şərait idmanın kütləviliyinə, muxtar respublikamızda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2020-ci il fevralın 14-də “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Dövlət Proqramı müasir dövrün reallıqları nəzərə alınmaqla uşaq və gənclərin idmana cəlbinin kütləviləşməsinə, əhalinin fiziki sağlamlığının qorunmasına yeni imkanlar yaradır. Əsas məqsəd isə əhalidə sağlam həyat tərzinin formalaşdırılması, uşaq və gənclərin idmana cəlbinin kütləvi xarakter almasının təmin edilməsi, istedadlı idmançıların üzə çıxarılması, bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi, həmçinin idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılmasından ibarətdir.

Müşavirədə verilən tapşırıqlara əsasən muxtar respublikada bədən tərbiyəsi və idman sahəsində investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, pullu xidmət növlərinin inkişaf etdirilməsi məqsədilə Uzunoba gölü ətrafında Təlim-məşq İdman Kompleksinin tikintisinə başlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi qarşıya qoyulan bu tapşırıqların icrasını diqqət mərkəzində saxlamaqla, istedadlı idmançılar nəslinin yetişdirilməsi üçün bütün səylərdən istifadə edəcəkdir.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman  Nazirliyinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: