Martın 5-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək “Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin birinci günündə kişilər arasında 60 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edəcək Kəramət Hüseynov rusiyalı Ayub Bliyev, Oruc Vəlizadə isə David Starkel (Sloveniya) və Morits Plafki (Almaniya) qarşılaşmasının qalibi ilə güclərini sınayacaqlar.
Qadın cüdoçularımızdan Aişə Qurbanlı və Leyla Əliyeva (48 kq) yerli idmançılarla qarşılaşacaqlar. A.Qurbanlı Halimocon Qurbanova, L.Əliyeva isə Gülnur Muratbəyova ilə üz-üzə gələcəklər.
Turnirin sonrakı iki günündə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə bolqarıstanlı Bojidar Temelkov, Orxan Səfərov finlandiyalı Lukas Sahanı sınağa çəkəcəklər. Rüstəm Orucov (73 kq) Mod Rəşad Aryan (Əfqanıstan)-Martin Hojak (Sloveniya) qarşılaşmasının qalibi ilə görüşəcək. Turnirdə 81 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edəcək Murad Fətiyev fransalı Nikolas Çilar, Hidayət Heydərov braziliyalı Gilyerme Şmidt ilə qarşılaşacaqlar.
Ağır çəkili cüdoçularımız Məmmədəli Mehdiyev (90 kq) Erlan Şerov (Qırğızıstan)- Stanislav Qunçenko (Ukrayna) qarşılaşmasının qalibi ilə tatami üzərinə çıxacaq. Aslan Mirzəyev (100 kq) Otqonbatar Xlaqvasuren (Monqolustan), Uşangi Kokauri (+100 kq yuxarı) Vinçentso Darkonu (İtaliya) sınağa çəkəcəklər.
Martın 7-dək davam edəcək turnirdə ümumilikdə 71 ölkədən 500-ə yaxın cüdoçu iştirak edəcək.