Naxçıvanda təhsil müəssisələrinin idman klublarına yeni idman avadanlıqları verilib - FOTOLAR
Muxtar respublikada şagirdlərin yaxşı təhsil almaları ilə yanaşı, onların fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində olub. Bu işlərin davamı olaraq təhsil müəssisələrində yaradılan idman klublarına yeni idman avadanlıqları alınaraq təqdim edilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada məktəblərin infrastrukturu yenilənib, ötən müddət ərzində ümumtəhsil məktəblərində 33 futbol, 16 mini futbol idman meydançası, 196 idman zalı və açıq idman qurğuları şagird və müəllimlərin ixtiyarına verilib.
Qeyd edilib ki, ötən müddət ərzində Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 12 idman növü üzrə kadr potensialı və mövcud şərait nəzərə alınmaqla ümumilikdə 185 idman klubu yaradılıb. Bu gün isə həmin idman klubları Ali Məclis Sədrinin tapşırığı ilə idman avadanlıqları ilə təchiz olunub.
Rəhman Məmmədov yeni alınan avadanlıqların idman klublarının fəaliyyətini daha da yaxşılaşdıracağını bildirib, yeni alınan avadanlıqlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlar verib.
Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, muxtar respublikada idman sahəsi hər zaman diqqətdə saxlanılır, gənclərin idmana və təhsilə cəlbi istiqamətində ardıcıl tədbirlər görülür, bu sahənin inkişafı ilə bağlı mühüm vəzifələr müəyyənləşdirilir. Gənc nəslin sağlam yetişməsi üçün yeni idman obyektləri tikilir. Belə infrastrukturlardan biri də hazırda Uzunoba gölünün ətrafında tikintisi davam edən Naxçıvan Futbol Federasiyasının təlim-məşq kompleksidir.
Nazir qeyd edib ki, bu gün təhvil verilən avadanlıqlar da idman sahəsində qazanılan uğurların sayını daha da artıracaq.
Sonra alınmış idman avadanlıqlarına baxış olub. Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin idman klubları üçün 140 güləş döşəyi, 40 tatami, 14 tennis stolu, 14 tennis toru, 15 cüt raketka və tennis şarları, 10 dəst atletika səddi, 14 dəst yadro və 26 start qəlibləri, 108 gimnastika döşəyi, müxtəlif ölçüdə 15 fitnes topu və digər lazımi avadanlıqlar alınıb.
Sadiq Məmmədov