Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turun açılış matçında “Qarabağ” klubu turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Sabah”ı qəbul edib.
“Azərsun Arena”da keçirilən matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Filip Ozobiç 15-ci dəqiqədə penaltidən yararlana bilməyib. Otuz yaşlı xorvatiyalı yarımmüdafiəçi 42-ci dəqiqədə hesabı açmağa müvəffəq olub. 73-cü dəqiqədə isə Mahir Emreli fərqi iki topa çatdırıb.
“Qarabağ” bu qələbə sayəsində xalını 42-yə çatdırıb və bir günlük də olsa, vahid liderə çevrilib.
Günün digər oyununda “Sumqayıt” klubu “Keşlə”ni qəbul edib. Matç 2:2 hesabı ilə başa çatıb.
Turun digər 2 görüşü martın 14-də oynanılacaq. “Qəbələ” klubu “Zirə”ni, “Neftçi” isə “Səbail”i qəbul edəcək.