Yaponiya hökuməti Tokio Olimpiadasına gələcək rəsmi qonaqların sayını iki dəfə azaltmağı planlaşdırır
Yaponiya hökuməti “Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarına gələcək rəsmi qonaqların sayını iki dəfə azaltmaq imkanlarını araşdırır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Kyodo agentliyi şənbə günü məlumat yayıb. Bildirilir ki, hazırda Olimpiya Oyunlarına təqribən 90 min xarici qonağın gələcəyi gözlənilir. Onların təqribən 30 mininin idmançılardan, komandaların digər üzvlərindən və xidmət heyətindən ibarət olacağı qeyd edilir.
Yaponiya hökuməti bu heyətdə yarışlarla birbaşa əlaqəsi olmayan əcnəbi qonaqların sayını təqribən iki dəfə azaltmaq istəyir. Yarışlara qatılmaq istəyən azarkeşlərin koronavirusla əlaqədar yaranmış vəziyyətə görə ölkəyə buraxılmaması barədə qərar artıq qəbul edilib.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun iyulun 23-dən avqustun 8-dək təşkili gözlənilir.