“Naxçıvan Premium Turniri” davam edir - FOTOLAR
Martın 22-də Naxçıvan şəhərindəki Gənclik Mərkəzində start verilən şahmat üzrə “Naxçıvan Premium Turniri” davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən ən yaxşıların yarışında 12 zəka sahibi mübarizə aparır. Aprelin 1-də başa çatacaq yarış dairəvi sistem üzrə 11 turdan ibarət olacaq.
Turnirdə 8-ci turun oyunları keçirilib. Hazırda turnir cədvəlinin lideri FIDE ustası Pərviz Qasımov (2337) hesabına daha bir qələbə yazıb. Bu dəfə o, Sadiq Qarayevi (1781) məğlub edib. Qrossmeyster Urfan Sevdimalıyev (2369) isə Ərturan İsmayılovdan (1663) güclü olub. Liderlər cərgəsində qərarlaşan beynəlxalq usta Toğrul Həsənzadə (2322) bu turda beynəlxalq usta Talıb Babayevlə (2282) qarşılaşıb və məğlubiyyətlə üzləşib.
FIDE ustası Sadiq Məmmədov (2237) Orxan Bağırovu (1473), Seyid Hüseyn (1660) Nəsrin Babayevanı (1964), Ayxan Əliyev (1683) isə Yeganə Əhmədovanı (1421) məğlub edərək aktivlərinə daha bir xal yazdırıblar.
Hazırda 8 turdan sonra turnir cədvəlinə 7 xalla Pərviz Qasımov başçılıq edir. Eyni xal toplayan Urfan Sevdimalıyev ikinci, 6 xalla Toğrul Həsənzadə isə üçüncü pillədə qərarlaşıblar.
Qeyd edək ki, görüşlər federasiyanın rəsmi chess.nax.az internet saytı vasitəsilə canlı yayımlanıb.