Futbol üzrə 2020-ci il Avropa çempionatı İngiltərənin London və Rusiyanın Sankt-Peterburq şəhərlərində keçirilə bilər.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə "beIN Sports"un müxbiri Tankredi Palmyeri özünün tvitter hesabında yazıb.
Jurnalist bildirib ki, UEFA təşkilatçı şəhərlərin sayını azaltsa, bu varianta üstünlük verəcək. Çünki hər iki şəhər turnir zamanı mümkün qədər çox azarkeş qəbul etməyə hazır olduqlarına zəmanət verib.
Daha əvvəl UEFA prezidenti Aleksander Çeferin AVRO-2020-nin oyunlarının azarkeşsiz keçirilməyəcəyini vurğulayıb.
Turnirin Rusiya hissəsinin Təşkilat Komitəsi Sankt-Peterburqdakı matçlara stadionun ümumi tutumunun 50 faizi həcmində tərəfdar buraxıla biləcəyini təsdiqləyib. Gələcəkdə bu rəqəmin artırıla biləcəyi istisna olunmayıb.
Qeyd edək ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası üzündən bu il 11 iyun - 11 iyula təxirə salınıb. AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.