Azarkeşlərimizə təşəkkür edirəm. Qarşılaşmaya xüsusi rəng qatdılar. Oyuna görə futbolçularımızı təbrik edirəm. Meydanda istədiklərimizi edə bildik. Düzdür, bizim üçün çətin oyun oldu. Hər halda, biz qalib gəldik və növbəti mərhələyə adladıq. Artıq növbəti oyun haqda düşünməliyik. Təcrübəli komandaya qarşı oynayacağıq. Buna baxmayaraq, düzgün hazırlıq prosesi keçməyə, rəqibimizi qiymətləndirməyə çalışacağıq.
NUHÇIXAN xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubuna qarşı cavab matçından sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
“Qarabağ”-“Kukesi” oyunun ilk hissəsi Ağdam təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatıb. İlk hissədə yeganə qol qarşılaşmanın 24-cü dəqiqəsində vurulub. Belə ki, cərimə meydançasında İnosent Emeqaraya qarşı kobudluğu hakim 11 metrlik cərimə zərbəsi kimi qiymətləndirib. Topa yaxınlaşan Dani Kintana fürsəti əldən verməyib - 1:0.
Matçın ikinci hissəsində də üstün oyun nümayiş etdirən ağdamlılar 52-ci dəqiqədə rəqib azlıqda qalıb. “Kukesi”nin heyətində Alba Ala qırmızı vərəqə ilə cəzalandırılıb. Rəqib qapısına təyin olunan penaltini isə Emeqara dəqiq yerinə yetirə bilməyib. buna baxmayaraq, “Qarabağ” tezliklə hesab arasındakı fərqi artırıb. Matçın 57-ci dəqiqəsində “Kukesi”nin qapısına təyin edilən növbəti 11 metrlik cərimə zərbəsini Dani Kintana dəqiq yerinə yetirib - 2:0.
Lakin bu da oyunda sonuncu qol olmayıb. Görüşün əsas vaxtının başa çatmasına bir dəqiqə qalmış "Qarabağ" komandası albanların qapısına üçüncü dəfə yol tapıb. Ağdamlıların yeni transferi Con Delarj oyunda son nöqtəni qoyub – 3:0.
Beləliklə, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində iki oyunun nəticəsinə görə 3:0 hesabı ilə qalib gələn "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanıb.
Ağdamlıların növbəti mərhələdə rəqibi Belarusun “BATE” komandası olacaq. İlk oyun avqustun 7-də, cavab qarşılaşması isə avqustun 14-də keçiriləcək.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.