Aprelin 6-da qitənin futbol üzrə ən nüfuzlu klub turniri sayılan UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə start veriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün maraqla gözlənilən görüşü İspaniyada “Real Madrid” və İngiltərənin “Liverpul” komandaları arasında olacaq.
Hər iki komanda görüşə ciddi itkilərlə çıxacaq. “Kral klubu”nun heyətində kapitan Serxio Ramosla yanaşı, Eden Azar və Dani Karvahalın zədə səbəbindən oynamayacağı dəqiqdir. Qonaqlarda isə Vircil van Dayk, Cordan Henderson və Divok Origi zədəlidir.
Günün digər matçı İngiltərədə gerçəkləşəcək. “Mançester Siti” Almaniyanın “Borussiya Dortmund” komandasını qəbul edəcək. “Şəhərlilər”in heyətində itki yoxdur, Dortmund təmsilçisində isə Dan-Aksel Zaqadu, Ceydon Sanço və Yussufa Mukoko zədədən əziyyət çəkir.
Bu komandaların cavab oyunları aprelin 14-də olacaq.