Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov İsveçrənin Bile şəhərində keçirilən ənənəvi şahmat festivalının qalibi olub. Festivalın sonuncu oyun günü ərəfəsində Şəhriyar əsas rəqiblərini 2 xal qabaqlayırdı. Yeri gəlmişkən, hazırda FIDE-nin reytinqində Azərbaycan qrossmeysteri bütün karyerası ərzində ən yüksək göstəriciyə nail olub – 2818.
NUHÇIXAN xəbər verir ki, festivalın sonuncu – onuncu turunda fransız Maksim Vaşye-Laqrav çexiyalı David Navaraya, norveçli Maqnus Karlsen isveçrəli Niko Georgiadisə qalib gəlib, Pyotr Svidle ilə Şəhriyar Məmmədyarovun oyunu heç-heçə başa çatıb.
Turnir cədvəlində son vəziyyət belədir: Şəhriyar Məmmədyarov – 7,5 xal, Maqnus Karlsen - 6 xal, Maksim Vaşye-Laqrav və Pyotr Svidler – hərəyə 5,5 xal, David Navara – 4 xal, Niko Georgiadis – 1,5 xal.
Biledə festival çərçivəsində Ustalar Turnirində hindistanlı qrossmeyster Suri Vaybhav doqquz mümkün xaldan yeddi xal toplayaraq qalib gəlib. Almaniya təmsilçiləri Dennis Vaqner və Aleksandr Donçenko, ukraynalı Pavel Elyanov, xorvat Davorin Kulyaşeviç, monqol Simuya Bilquun, hindistanlı Babu M.R.Lalit, özbək Nodirbek Abdusattorov və BƏƏ şahmatçısı Saleh A.R.Salem hərəsi liderdən yarım xal geri qalır.
Azərbaycan nümayəndəsi Türkan Məmmədyarova bu turniri beş xal ilə 47-ci yerdə başa vurub.
Xatırladaq ki, İsveçrə sistemi üzrə doqquz turdan ibarət olan Ustalar Turnirində 143 şahmatçı, o cümlədən 30 qrossmeyster iştirak edib. Festivalın proqramına Fişer şahmatı, rapid, blits və digər növlər üzrə yarışlar da daxil idi.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.