Tələbələr Ağbulaq İstirahət Mərkəzində olublar - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universiteti tələbələrinin Ağbulaq İstirahət Mərkəzinə ekskursiyası təşkil olunub.
Ekskursiya zamanı gənclərə məlumat verilib ki, Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb, Ali Məclis Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb. Bu il Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib. Mərkəz qış aylarında dağ-xizək, yay aylarında isə dağ turizmini seçənlər üçün unikal turizm obyektidir.
Gənclər kanat gəzintisi vasitəsilə Ağbulağın əsrarəngiz gözəlliyini səmadan izləmə şansı əldə ediblər,kənddə yaradılan şəraitlə tanış olublar
Ekskursiya çərçivəsində gənclər üçün çay süfrəsi də təşkil olunub. Tələbələr Naxçıvan Televiziyasının istehsalı olan “Azərbaycanın ürəyidir Naxçıvan” filmini maraqla izləyiblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə gənclərin Ağbulağa ekskursiyası davam etdiriləcək.
Mədinə Rəhimli