Aprelin 11-də futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turunun mərkəzi qarşılaşması keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Tottenhem Xotspur” stadionunda oynanılan görüşdə iki əzəli rəqib - “Tottenhem” və “Mançester Yunayted” komandaları qarşılaşıb.
Görüşdə ilk qol matçın 33-cü dəqiqəsində vurulub. Edison Kavanin qolunu baş hakim videonəzarət (VAR) sisteminə baxdıqdan sonra ləğv edib.
Gərgin keçən birinci hissənin başa çatmasına beş dəqiqə qalmış hesab açılıb. Son Xin-Min meydan sahiblərini hesabda önə çıxarıb.
Fasilədən sonra hücumları artıran “Mançester Yunayted” matçın 57-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Fred adını tabloya yazdırıb.
Qarşılaşmanın 79-cu dəqiqəsində Mançester təmsilçisi ikinci dəfə fərqlənib. Edison Kavani Bruno Fernandeşin cinah ötürməsindən sonra qapıya dəqiq baş zərbəsi endirib. Bu da oyunda son qol olmayıb. Oyunun əsas vaxta əlavə olunmuş altıncı dəqiqədə “Mançester Yunayted” üçüncü dəfə meydan sahiblərinin qapısına yol tapıb. Meyson Qrinvud oyunda son nöqtəni qoyub.
Bu qələbə sayəsində xal ehtiyatını 63-ə çatdıran “Mançester Yunayted” turnir cədvəlində ikinci, “Tottenhem” isə 49 xalla yeddinci yerdə qərarlaşıb.
Çempionluğa iddialı “Mançester Siti” öz meydanında “Lids Yunayted” komandasını qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Lids Yunayted” bu qələbə sayəsində xal ehtiyatını 45-ə çatdıraraq turnir cədvəlində iki pillə irəliləyib və 9-cu yerdə qərarlaşıb. “Mançester Siti” məğlub olmağına baxmayaraq, 74 xalla Premyer Liqada liderliyinə davam edir.
Digər iddialı klub “Liverpul” isə əzəli rəqibindən fərqli olaraq bu turda qələbə qazanıb. Mersessayd təmsilçisi səfərdə “Aston Villa”nı 2:1 hesabı ilə məğlub edib. “Liverpul” 52 xalla dördüncü, “Aston Villa” isə 44 xalla 10-cu yerdə qərarlaşıb.
Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:
“Kristal Palas” - “Çelsi” - 1:4;
“Börnli” - “Nyukasl Yunayted” - 1:2;
“Vest Ham” - “Lester Siti” - 3:2;
“Fulhem” - “Volverhemton” - 0:1.