İsveçrənin Bil şəhərində iyulun 21-dən bəri davam edən Beynəlxalq Şahmat Turnirinə yekun vurulub. Bil Kongres Mərkəzində baş tutan bağlanış mərasimində qaliblərə mükafatlar təqdim olunub.
NUHÇIXAN-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova qonaqları salamlayıb və ölkəmizdə olan şahmat ənənəsi və şahmatçılarımızın uğurlarından bəhs edib. O, ölkəmizdə şahmatın qədim tarixə malik olduğunu, müstəqillikdən sonra Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və yaranmış sosial-iqtisadi problemlərə baxmayaraq bu idman növünün daha da inkişaf etdiyini vurğulayıb.
X.İbrahimova hazırda Azərbaycanda şahmata xüsusi dövlət qayğısının olduğunu və ölkəmizin Beynəlxalq Şahmat Federasiyasına üzv olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə ölkə olduğunu diqqətə çatdırıb.
Səfir Şəhriyar Məmmədyarovun Azərbaycan şahmat məktəbinin yetişdirdiyi dünya səviyyəli şahmatçılarından biri olduğunu bildirib və onu bu əlamətdar qələbə münasibəti ilə təbrik edib.
Daha sonra qaliblərin mükafatladırılması mərasimi baş tutub. Turnirin qalibi Şəhriyar Məmmədyarova mükafat səfir Xanım İbrahimova tərəfindən təqdim olunub.
Qeyd edək ki, Azərbaycan təmsilçisi yarışın başa çatmasına bir tur qalmış şahmat turnirinin qalibi olub. O, yarışın doqquzuncu turunda 57-ci gedişdə ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb.