Gənclərin iştirakı ilə “Naxçıvanı tanıyaq” devizi altında ekskursiya təşkil olunub - FOTOLAR
Muxtar respublikada gənclərin iştirakı ilə “Naxçıvanı tanıyaq” devizi altında ekskursiya təşkil olunub. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi ekskursiya çərçivəsində gənclər Babək rayonunda olublar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iştirakçılar Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi və Nehrəm İmamzadəsi ilə tanış olublar.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və Gənclər Fondunun əməkdaşı Çingiz Ağayev ekskursiyanın keçirilmə məqsədi və önəmindən bəhs edərək bildiriblər ki, muxtar respublikanın tarixi-mədəni və turizm əhəmiyyətli məkanlarının tanıdılması, xalqımızın milli adət-ənənələrinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından belə gəzintilərin təşkili əhəmiyyətlidir. Zəngin tarixi keçmişi, ədəbi-mədəni mühiti, özünəməxsus mətbəxi, rəngarəng təbiəti, milli-mənəvi dəyərlərini qoruyaraq bu günümüzə daşıyan Naxçıvan müasir dövrdə də öz füsunkarlığı ilə göz oxşayır. Bunun nəticəsidir ki, muxtar respublikaya olan maraq ildən-ilə artmaqdadır. Biz gənclərin üzərinə düşən vəzifə böyük çətinliklər hesabına qorunub saxlanılan bu mənəvi dəyərləri öncə öyrənmək, sonra təbliğ etməkdir. Sosial şəbəkələrin və digər internet platformalarının geniş əhatə dairəsinə malik olması bu istiqamətdə təbliğatın aparılmasına geniş imkanlar açır. Bu imkanlardan Vətənimiz, xalqımız və dövlətimiz üçün səmərəli şəkildə istifadə etməliyik.
Qeyd edək ki, “Naxçıvanı tanıyaq” devizi ilə təşkil olunan ənənəvi ekskursiyalar növbəti aylarda da davam etdiriləcək.