“Hədəf” adlı atış təliminə 60-a yaxın gənc qatılıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Təlim Mərkəzində gənclərin iştirakı ilə “Hədəf” atış təlimi keçirilib.
Təlimdə ali və orta ixtisas təhsili müəssisələrindən 60-a yaxın gənc iştirak edib. Təlimdə qeyd olunub ki, layihə gənclər arasında ilkin hərbi bacarıqların və atıcılıq qabiliyyətinin formalaşdırılması prosesinə mühüm töhfədir. Təlimin məqsədi gənclərin vətənpərvərlik ruhunu daha da yüksəltmək, müəyyən hərbi biliklərə və döyüş hazırlığına yiyələnməsinə şərait yaratmaqdır.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti İlham Məhərrəmov təlimin təhlükəsizlik qaydaları və icra olunacaq tapşırıqlar barədə məlumat verib. Sonra gənclər təlim nöqtələrinə dəvət olunublar. Təlimdə avtomatın hissə və mexanizmləri, natamam sökülüb-yığılması, darağın doldurulub-boşaldılması və praktik atəş tapşırığının yerinə yetirilməsi həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən təlimdə müvafiq qiymətləndirməyə əsasən, fərqlənən gənclərə fəxri fərmanlar təqdim edilib.
Xosrov İbrahimov