Fiziki imkanları məhdud gənclər arasında qaçış üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Muxtar Respublika Stadionunda reallaşan birincilikdə yaşı 18-dək olan 24 paralimpiyaçı iştirak edib. Yarış fiziki imkanları məhdud gənclərin reabilitasiyası, onların idmana cəlbi və paralimpiyaçılardan ibarət atletika üzrə yığma komandanın tərkibini müəyyən etmək məqsədilə keçirilib.
Nəticələrə əsasən, 100 metr məsafəyə qaçış üzrə ən yaxşı göstəriciyə Cəlal Mursəlli nail olub. Tural Abbasov finiş xəttinə ikinci çatıb. Məhəmməd Bağırov isə üçüncü olub. 200 metr məsafədə bütün rəqiblərini qabaqlayan Elşən Hüseynov qalib adına layiq görülüb. Əli İsayevlə İbrahim Tağıyev müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.
Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birinciliyin sonunda ilk üçlükdəki idmançılar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Digərlərinə isə fəal iştiraka görə fəxri fərmanlar təqdim olunub.