“Gənc rəssamların incəsənət döyüşü” rəsm müsabiqəsinin qalibləri bəlli olub - FOTOLAR
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Ağbulaq İstirahət Mərkəzində keçirilən qiymətləndirmə mərasimində çıxış edənlər muxtar respublikada gənclərin yaradıcılıq qabiliyyətinin formalaşdırılması və inkişafı istiqamətində atılan addımlardan bəhs ediblər.
“Gənc rəssamların incəsənət döyüşü”ndə 26 rəssam iştirak edib. Qaydalara əsasən, onlar Ağbulaq İstirahət Mərkəzi və Ağbulaq kəndinin ərazisinə aid mənzərələri tabloya köçürüblər.
Müsabiqənin qalibləri 5 nəfərdən ibarət münsiflər heyətinin ümumi qərarına əsasən müəyyənləşib. Selcan Hacızadə ilə Çinar Hacıyevin rəsm əsərləri onlar tərəfindən birinci pilləyə layiq görülüb. Türkan Əsədova, Tənzilə İbadova və Cəlil Xudiyev ikinci sırada qərarlaşıblar. Özcan Babayev, Gülçöhrə Abbasova və Jalə Cəfərlinin rəsm nümunələri isə üçüncü yerlə qiymətləndirilib.
Gənc rəssamlar təşkilatçılar tərəfindən diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, müsabiqə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Rəssamlar Birliyi və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.