Ümummilli liderin anadan olmasının 98-ci ildönümünə həsr olunan peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib - FOTOLAR

A- A A+

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirlik və Atıcılıq Federasiyasının birgə təşkil etdiyi birincilikdə 20 komanda iştirak edib. 

Həlledici final oyununun qalibi olan Voleybol Federasiyasının komandası peyntbol üzrə muxtar respublika birincisi olub. Basketbol və Paralimpiya federasiyaları təmsil edən komandalar müvafiq olaraq 2-ci, 3-cü sıralarda qərarlaşıblar.

Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarovla, Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli idman sahəsinə göstərilən dövlət qayğısından bəhs edərək bildiriblər ki, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi - Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmana  xüsusi önəm verilir. Pandemiyanın idman sahəsində də müəyyən durğunluğa səbəb olmasına baxmayaraq, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın mümkün bəndləri icra olunub. Ölkə üzrə ən az yoluxma faktının qeydə alındığı muxtar respublikamızda müəyyən idman növlərinin fəaliyyəti bərpa olunub, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla məşq prosesləri və turnirlər təşkil olunub. 

Unikal idman məkanlarından biri kimi Atıcılıq Mərkəzinin üstünlüklərindən bəhs olunub. Qeyd olunub ki, mərkəzdə elit idman növləri sırasında yer alan stend atıcılığı, oxatma və peyntbol yarışlarının keçirilməsi üçün əlverişli şərait yaradılıb. Azərbaycan Ordusunun şanlı qələbəmizlə bitən 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi yüksək peşəkarlıq, rəşadət, döyüş ruhu əhali arasında bu tipli idman növlərinə marağı artırıb.

Azad Cabbarovla, Səhət Həbibbəyli iştirakçılara uğurlar arzulayıb, komandalara mükafatları təqdim ediblər.

İlk üçlükdə qərarlaşan komandalar diplom, kubok və hədiyyələrlə təltif ediliblər. Əlavə olaraq komandalara peyntbol mərmiləri hədiyyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: