“Naxçıvanı tanıyaq” devizi altında gənclərin  Culfa rayonuna ekskursiyası  təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası  Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdiyi “Naxçıvanı tanıyaq” devizi altında Culfa rayonuna ekskursiya təşkil olunub. Ekskursiya çərçivəsində gənclər əvvəlcə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində  olublar. Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və Gənclər Fondunun əməkdaşı Çingiz Ağayev ekskursiyanın keçirilmə məqsədi və önəmindən bəhs edərək bildiriblər ki, muxtar respublikanın tarixi-mədəni və turizm əhəmiyyətli məkanlarının tanıdılması, xalqımızın milli adət-ənənələrinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından belə gəzintilərin təşkili əhəmiyyətlidir. Muzeyin direktoru Kamal Gülmalıyev deyib ki, burada nümayiş olunan saxsı qab və çıraqlar, qala ərazisindən aşkar olunan boyalı keramika parçaları muxtar respublikada sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərən nadir eksponatlar kimi böyük əhəmiyyətə malikdir. Həmçinin muzeydə gümüş kəmər nümunələri də nümayiş olunur ki, bunlar da muzeyin ən qiymətli eksponatları sırasındadır. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən “Əlincəqala” tarixi abidəsi bərpa olunub və 2016-cı il İyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyinin açılışı olub .

Sonra Gülüstan türbəsini ziyarətə gələn gənclərə bildirilib ki, Naxçıvanın türk-islam mədəniyyəti abidələri içərisində memarlıq quruluşu, inşaat texnikası, özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edən xatirə abidələrindən biri də Gülüstan türbəsidir. Türbə Culfa rayonunun Gülüstan kəndindən təxminən bir kilometr şərqdə, Araz çayının sol sahilində inşa edilib. Əcəmi Əbubəkr oğlu Naxçıvani yaradıcılığının ənənələrini özündə əks etdirən, Naxçıvan memarlıq məktəbinin ən gözəl və özünəməxsus nümunələrindən sayılan, tünd qırmızı tufdan inşa edilən Gülüstan türbəsi orijinallığı, tikinti texnikası, gövdəsindəki naxış bəzəyi, zahiri görünüşü və özünəməxsus memarlıq üslubu ilə  nadir sənət incisi kimi diqqəti cəlb edir.

Hər iki tarixi məkana edilən ekskursiya gənclərdə dərin təəssürat yaradıb.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: