Kross qaçışı üzrə muxtar respublika açıq birinciliyinin qalibləri mükafatlandırılıb - FOTOLAR

A- A A+

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan kross qaçışı üzrə muxtar respublika açıq birinciliyinin qalibləri mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və orta məktəb şagirdləri arasında keçirilən yarışa 100 idmançı qatılıb. Gənclər və İdman Nazirliyi və Atletika Federasiyasının birgə təşkil etdiyi birincilikdə atletlər 5000 metrlik məsafə üzrə mübarizə aparıblar. Məsafə Duzdağ Fizioterapiya Mərkəzinin qarşısında başa çatıb.

Oğlanlar arasında ən yaxşı nəticəyə Əmrah Nağıyev nail olub. Ordubad rayonunu təmsil edən atlet finişə 18 dəqiqə 7,66 saniyə ərzində çataraq birinciliyin qalibi olub. Rayonun digər təmsilçisi Miryusif Seyidov 20 dəqiqə 10,28 saniyəlik göstərici ilə ikinci yeri tutub. Məsafəni 20 dəqiqə 14,34 saniyəyə qət edən Heydər Əliyev adına Hərbi Liseyin kursantı Rəhim Əliyev isə üçüncü sırada qərarlaşıb.

Qızların mübarizəsində Sədərək təmsilçisi Aysu Abbasova bütün rəqiblərini geridə qoyub. Aysu bu uğura 24 dəqiqə 27,09 saniyə ərzində müvəffəq olub. Rayonun digər təmsilçisi Nursən Abbasova 26 dəqiqə 5,81 saniyəlik göstərici ilə ikinci yeri əldə edib. 10 saniyə sonra finişə çatan “Təhsil” idman klubunun atleti Sevinc Əliyeva isə üçüncü sırada qərarlaşıb.

Mükafatlandırma mərasimində çıxış edən gənclər və idman naziri Azad Cabbarov və federasiya sədri Rəhman Məmmədov muxtar respublikada bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından bəhs edərək bildiriblər ki, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi - Naxçıvan Muxtar Respublikasında bu sahəyə də xüsusi önəm verilir.

Bildirilib ki, illər ötdükcə yenilənən və müasirləşən idman infrastrukturu sayəsində əhalinin müxtəlif yaş qruplarının, əsasən də gənc nəslin bu sahəyə cəlbi diqqətdə saxlanılıb, istedadlı idmançıların ölkə və beynəlxaq miqyaslı yarışlarda iştirakı təmin edilib. Pandemiyanın idman sahəsində də müəyyən durğunluğa səbəb olmasına baxmayaraq “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın mümkün bəndləri icra olunub. Ölkə üzrə ən az yoluxma faktının qeydə alındığı muxtar respublikada müəyyən idman növlərinin fəaliyyəti bərpa olunub, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla məşq prosesləri və turnirlər təşkil edilib.

Qeyd olunub ki, Atletika Federasiyası struktur dəyişikliyindən sonra bu sahədəki fəaliyyətini artan templə inkişaf etdirir, qarşıya qoyulan vəzifələri icra etmək üçün maksimum səylə çalışır. Kütləviliyin təmin olunması məqsədilə atılan addımlar, idmançılar üçün yaradılan əlverişli şərait imkan verir ki, istedadlı və bacarıqlı atletlərimizin sayı daha da artsın. Onların ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakının təmin olunması məsələsi də diqqət mərkəzində saxlanılır.

Sonda çıxış edənlər iştirakçılara uğurlar arzulayıb, fərqlənən atletlərə mükafatlar təqdim edilib.

İlk üçlükdə qərarlaşan idmançılara plaket və hədiyyələr təqdim olunub. Onluqda qərarlaşan digər iştirakçılara isə diplom verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: