Şahmat üzrə Azərbaycan çempionatına yekun vurulub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan şahmat üzrə kişilər arasındakı Azərbaycan çempionatına yekun vurulub.

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində keçirilən 12 şahmatçı dairəvi sistem üzrə mübarizə aparıb. Reqlamentə əsasən, 2 mərhələdən ibarət olan çempionatda ilkin mərhələni 1-4-cü yerlərdə başa vuran zəka sahibləri 2-ci mərhələdə play-off sistemi üzrə yarımfinalda mübarizə aparıblar.

Çempionatın bağlanış mərasimində çıxış edən yarışın baş hakimi Lütfiyar Rüstəmov keçirilən çempionatın təşkilatçılıq və yüksək peəkarlıq səviyyəsində keçirilən yarış baxımından ölkənin şahmat tarixində yaddaqalan hadisə olduğunu bildirib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxışında vurğulayıb ki, ilk dəfə Bakıdan kənarda keçirilən ölkə birinciliyi yüksək səviyyədə təşkilatçılığı ilə seçilib. Məhz bu yarış yalnız dünyanın sayılıb-seçilən beynəlxalq turnirləri ilə müqayisə oluna bilər. Çempionat ərəfəsində istər şahmatçılar, istərsə də qonaqlar üçün hər bir şərait yaradılmışdır. Naxçıvanda şahmata yüksək səviyyədə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasına, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinə bütün iştirakçılar adından minnətdarlığını bildirib. Çıxışda Naxçıvanda belə turnirlərin daha çox keçirilməsi ilə bağlı arzu ifadə olunub.

Faiq Həsənov çempionatın gedişatından bəhs edərək vurğulayıb ki, ilk 4 pillədə qərarlaşan şahmatçılar elə turnirin favoritləri idi. Bu çempionat fərqli sistemlə keçirildi. Çempionatdan öncə şahmatçılarla danışıqlar zamanı və bəziləri bu sistemə uyğunlaşa bilməyəcəklərini deyirdilər. Lakin əsl qalib bu sistemlə müəyyən oldu. Azərbaycan respublikasının Şahmat Federasiyasının vitse-prezidenti çıxışının sonunda yaradılan şəraitə, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov şahmatçıları təbrik edərək vurğulayıb ki, şahmat tarixində ilk dəfə Naxçıvanda keçirilən ölkə birinciliyi yüksək təşkilatçılğı ilə seçilir. Diyarımız hər il müxtəlif mötəbər beynəlxalq turnirlərə, yarışlara ev sahibliyi edir. Lakin Azərbaycan çempionatının burada keçirilməsi tarixi hadisədir. Çünki bu yarışda Azərbaycanın ən güclü şahmatçıları mübarizə aparıblar. Bu yarış həm də yerli şahmatçılar üçün əlavə stimul oldu. Onlar təcrübəli, beynəlxalq qrosmeysterlərin oyunlara baxmaqla, həm də təcrübə toplamış oldular. Azad Cabbarov hər bir şahmatçını təbrik edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Yarışa gəlincə, Azərbaycan çempionatının final görüşündə qrosmeyster Nicat Abasovla (2665) qrosmeyster Vasif Durarbəyli (2606) üz-üzə gəlib. Rəqiblərin ilk gündə keçirilən görüşündə heç-heçə qeydə alınıb. İkinci gündə keçirilən görüşlər daha gərgin xarakter alıb. Burada üstünlüyü ələ alan Vasif Durarbəyli sonda qalib gələrək Azərbaycan çempionu adına layiq görülüb.

Üçüncü yer uğrunda keçirilən qarşılaşmada qrosmeyster Eltac Səfərli (2598) və qrosmeyster Nicat Məmmədov (2609) məsələyə aydınlıq gətiriblər. “Sülh”ün qeydə alındığı ilk görüşün ardınca daha istəkli oyun sərgiləyən Nicat növbəti gündə qalib gəlib və çempionatı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, qalib olan şahmatçı Vasif Durarbəyli Azərbaycanı Dünya Kubokunda təmsil edəcək.
Sonda qalib şahmatçılar diplom və pul mükafatı ilə, Vasif Durarbəyli isə kubokla təltif edilib.

Tədbir başa çatdıqdan sonra Azərbaycan çempionatının qalibi qrosmeyster Vasif Durarbəyli sevincini belə bölüşdü: “Azərbaycan çempionatında ən güclü şahmatçılarla mübarizə aparıb qalib olmaq qürurvericidir. İlk dəfə 14 yaşımda ölkə birinciliyində iştirak etmişəm və bir ilkə imza atmışam. Belə ki, həmin yarışdan sonra ölkənin Olimpiya millisinə üzv olmuşam. Sonuncu dəfə 15 il öncə ölkə çempionatında mükafat qazanmışam və uzun müddətdən sonra yenidən qalib oldum. Naxçıvanın mənim üçün düşərli olduğunu deyə bilərəm. Naxçıvanda keçirdiyim zaman mənim üçün xoş oldu. Ümid edirəm, burada belə səviyyədə turnirlər daha çox olacaq. Şahmatçılar üçün hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Bir daha təşkilatçılara minnətdarlığımı bildirirəm”.

 

Ceyhun Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: